"Azərbaycanla sərhəd bölgəsinə..." - İranın Bakıdakı səfirliyindən TƏCİLİ BƏYANAT

ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə qurduğu təxribatları neytrallaşdırmaq üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir.

Apr 7, 2026 - 22:11
"Azərbaycanla sərhəd bölgəsinə..." - İranın Bakıdakı səfirliyindən TƏCİLİ BƏYANAT

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

"Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib", - deyə bəyanatda vurğulanıb.

Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək cəhdlərinə qarşı mübarizənin zəruri olduğunu bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.