Bu kolbasalar tüklü toyuqlardan hazırlanırmış - AQTA "Azəridad"da nələr gördü? + FOTOLAR

Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı xəbərlər yayılmışdı.

Jul 14, 2026 - 17:51
Bu kolbasalar tüklü toyuqlardan hazırlanırmış - AQTA "Azəridad"da nələr gördü? + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, həmin məlumat əsasında AQTA tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib.

Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəklərindən geri çağırılması barədə qərar qəbul edilib.