İsrail konsulluğuna silahlı hücumun DETALLARI
İstanbulun Beşiktaş rayonunda İsrail konsulluğu yaxınlığında atışma olub, iki nəfər öldürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin "Hürriyet" qəzeti iki polis əməkdaşının yaralandığını yazır.
Qəzet konsulluğun yerləşdiyi binaya üç nəfərin girməyə çalışdığını xəbər verir. Onlardan ikisində uzun lüləli silah olub. Mühafizəçilər və polislərlə atışma baş verib, hücum edənlərdən ikisi öldürülüb, üçüncü yaralanıb və saxlanılıb.
Türkiyə təhlükəsizlik qüvvələrinin ilkin məlumatına görə, hədəf İsrail konsulluğu olub.
İstanbuldakı yəhudi icmasından mənbə "The Jerusalem Post"a deyib ki, konsulluq iki ildən artıqdır bağlıdır, atışma vaxtı, yəqin ki, orada əməkdaş olmayıb.
Əraziyə əlavə polis qüvvələri göndərilib. Ədliyyə naziri Akın Gürlek təhqiqat başladığını deyib. İsrailin Xarici İşlər Nazirliyi (XİN) baş verənlər haqda informasiyanı yoxladığını bildirib.
Daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə, basqınçıların "dindən sui-istifadə edən" təşkilatla əlaqələri olub. Nazir onların ikisinin qardaş olduğunu əlavə edib.
Səlcuq