Lavrovla görüşdən sonra Rubio: "Məyusam"

ABŞ dövlət katibi Marko Rubio ilə Kuala-Lumpurda baş tutan görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna müharibəsinə “yeni və fərqli yanaşma” təklif edib.

Jul 10, 2025 - 17:19
Lavrovla görüşdən sonra Rubio: "Məyusam"

SAVASHMEDİA.az bu barədə "Sky News" telekanalına istinadən xəbər verir. 

Rubionun sözlərinə görə, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammiti çərçivəsində keçirilən görüş zamanı Lavrovla “açıq, vacib söhbət” aparıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton Ukraynadakı müharibəni necə bitirmək üçün “yol xəritəsini” görməyi tələb edir.

Rubio xüsusilə qeyd edib ki, Rusiya bugünkü danışıqlar zamanı məhz nəyi nəzərdə tutduğunu dəqiqləşdirmədən “yeni və fərqli yanaşma” təklif edib.

“Mən bunu sülhün təminatı adlandırmazdım. Amma bu gün prezidentə çatdıracağım konsepsiya budur”, - deyə dövlət katibi əlavə edib.

Marko Rubio diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfinin Ukraynaya münasibətdə “daha çeviklik” göstərməməsindən məyus olub. 

“Biz anlayırıq ki, bu işlər vaxt və səbir tələb edir. Lakin daha çox irəliləyiş əldə edilmədiyinə görə məyusuq”, - dövlət katibi əlavə edib. 

Xatirə SADIQ