Nyu-York merinə qarşı korrupsiya ittihamları ləğv edildi
ABŞ Ədliyyə Nazirliyi federal prokurorlara Nyu-York meri Erik Adamsa qarşı korrupsiya ittihamlarını ləğv etməyi əmr edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Nazirlik bildirib ki, bu iş merin qeyri-qanuni miqrasiya ilə mübarizədə prezidentə kömək göstərməsinə mane olur.
“Associated Press” yazıb ki, Ədliyyə Nazirliyinin bu qərarı müəyyən edilmiş normalardan qeyri-adi şəkildə geri çəkilməkdir.
“Associated Press”in əldə etdiyi iki səhifəlik xidməti vərəqdə Baş prokurorun müavini vəzifəsini icra edən Emil Bouv Nyu-York prokurorlarına Adamsa qarşı rüşvət işini dərhal dayandırmağı əmr edib.
Bouvun sözlərinə görə, sərəncam işdəki sübutların qiymətləndirilməsi ilə bağlı deyil, çünki ittihamlar Adamsın yenidən seçilməsi üçün seçki kampaniyasının başlanmasına az vaxt qalanda irəli sürülüb. Bu isə meri hüquq-mühafizə sahəsində Tramp administrasiyasının prioritetlərinə dəstək verməklə bağlı vəzifələrindən yayındırıb.
"Cari məhkəmə təqibi mer Adamsın diqqətini qeyri-qanuni immiqrasiya və zorakı cinayətlər problemləri üzərində cəmləmək imkanlarını əsassız olaraq məhdudlaşdırır”, - deyə Bouv vurğulayıb.
Adamsın vəkili Aleks Spiro bildirib ki, Ədliyyə Nazirliyinin əmri müvəkkilinin günahsız olduğunu təsdiqləyib.
“İndi xoşbəxtlikdən, meri və bütün Nyu-York şəhəri bu təəssüf doğuran və mənasız işi arxada qoya bilər”, - deyə İlon Maskın maraqlarını da təmsil edən Spiro əlavə edib.
Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorun səlahiyyətlərini icra edən Daniel Sassunun sözçüsü şərh verməkdən imtina edib.
Adamsa qarşı cinayət işi rayonun əvvəlki federal prokuroru Damien Uilyams tərəfindən qaldırılmışdı. O, Trampın vəzifəyə başlamasından əvvəl istefaya gedib.
Adamsa qarşı cinayət işi onun Bruklin prezidenti vəzifəsində işləyərkən seçki kampaniyasına qeyri-qanuni ianələr və imtiyazlara 100.000 dollardan çox pul alması ilə bağlı iddiaları əhatə edirdi.
Qeyd edək ki, Erik Adams Türkiyə və Azərbaycana xoş münasibəti ilə seçilir. Türkiyədə “türk dostu” adlandırılan Erik Adams Nyu Yorkdakı Azərbaycan diasporu ilə də sıx əlaqələrə malikdir. O, bir neçə dəfə Bakıda da olub. 2014-cü ildə Bakı şəhərinin Səbail rayonu ilə Nyu-Yorkun Bruklin rayonu arasında dostluq protokolunu imzalayıb.
Xatirə SADİQ