"Onlar Ərdoğanın kuklalarıdır, döyüşməli olacağıq" - İsrailli analitiklərdən Türkiyə MESAJI 

Qırx beş gündür Yaxın Şərqdəki mənzərəni hər mənada darmadağın edən ABŞ, İsrail-İran müharibəsi bölgənin gələcəyini də sual altında qoyub.

Apr 13, 2026 - 22:56
Apr 14, 2026 - 00:05
"Onlar Ərdoğanın kuklalarıdır, döyüşməli olacağıq" - İsrailli analitiklərdən Türkiyə MESAJI 

Hələ müharibənin ilk günlərindən Türkiyədə bəzi analitiklər və politoloqlar İsrailin İrandan sonrakı hədəfinin Türkiyə olduğunu bildirirdilər.

Verilən şərhlər İrandakı rejimin dəyişməsindən sonra ölkənin parçalanacağı, bundan sonra isə İsrail və ABŞ-nin Türkiyə ilə müharibəyə başlayacağı, İran və Türkiyə torpaqlarının bir hissəsi hesabına İsrail və ABŞ-yə bağlı kürd dövlətinin qurulacağı yönündə idi.

Onlar xüsusi olaraq vurğulayırdılar ki, ABŞ İranda quru əməliyyatına başlayacaq, bu zaman həm İrandakı, həm də İraqdakı kürdlərə silah verərək onları aktivləşdirəcək. İslam ölkəsində vətəndaş müharibəsi başlatmaqla siyasi idarəetməni ələ alıb, həm oyuncaq İran dövləti yaradacaq, həm də illərdir qurmağa çalışdıqları o dövləti kürdlərə hədiyyə edəcək. 

Lakin müharibənin irəliləyən günlərində bu iddialar bir növ rəfə qaldırıldı, ta ki Trampın o açıqlamasınadək...

Trampın “kürdlərə rejimi devirmək üçün silah vermişdik ki, etirazçılara paylasınlar, lakin onlar istədiyimizi etmədilər, silahı özlərində saxladılar. Buna görə də onlara qəzəbliyəm” sözlərindən sonra bölgənin yenidən qurulacağı ilə bağlı iddialar yenidən gündəmə gəldi.

Trampın açıqlamasının istisi getməmiş ABŞ-nin İran əməliyyatına etiraz əlaməti olaraq istefaya getmiş yüksək təhlükəsizlik rəsmisi sensasion açıqlama ilə çıxış etdi. Rəsmi yazırdı ki, ABŞ-nin NATO-dan çıxmaq istəyinin arxasında Türkiyə faktoru yatır. Tramp İrandan sonra başlayacaq İsrail-Türkiyə müharibəsində Təl-Əvivin müttəfiqi ola bilmək üçün NATO-dan yaxa qurtarmağa çalışır.

İranla müharibənin ilk günlərində İsrailin sabiq Baş naziri Naftali Bennettin “İrandan sonra hədəf Türkiyədir” fikri və yuxarıda sadaladığımız açıqlamlar bölgənin taleyi yenidən yazılır teoriyasını “xortlatdı”.

Bu gün isə Türkiyənin xarici işlər naziri Hakan Fidan qatıldığı proqramda səsləndirdiyi “İrandan sonra İsrailə yeni "düşmən" lazımdır. İsrail düşmən olmadan yaşaya bilmir.Görürük ki, yeni bir ritorika formalaşdıraraq Türkiyəni düşmən kimi təqdim etməyə çalışırlar” kimi fikirlər verilən şərhlərin, edilən iddiaların reallıq payını daha da artırdı. 

Türkiyə və İsrail arasındakı münasibətlərin gərginliyi fonunda müharibə ehtimalı İsrail mətbuatında da geniş müzakirə edilib. Yəhudi analitiklər və şərhçilər bu ehtimalı dəyərləndiriblər.

İsrail mediasında təhlükəsizlik, kəşfiyyat və Yaxın Şərq siyasəti üzrə analitikləri Dror Blazada və Omri Haim “Türkiyə birbaşa döyüşməli olacağımız düşmənə çevriləcəkmi?” sualının cavabını tapmağa çalışblar.

Dror Blazada bildirib ki, qarşıdakı günlərdə belə bir müharibənin olma ehtimalı yoxdur:

“Yaxın zamanlarda Türkiyədən İsrailə raketlər atılacağını düşünmürəm. Türkiyə NATO üzvüdür və Qərblə mürəkkəb münasibətlərə malikdir. Bununla belə, Ərdoğan bölgədə təsir dairəsini genişləndirməyə çalışır. Xüsusilə Suriya və Qəzza istiqamətində möhkəmlənmək istəyir”.

Omri Xaim isə Türkiyənin mövcud siyasi gedişlərini islamçı siyasi hərəkat olan “Müsəlman Qardaşları” ilə eyniləşdirib:

“Ərdoğan “Müsəlman Qardaşları” modelinə uyğun şəkildə fəaliyyət göstərir. O, bu modelin  xeyriyyə cəmiyyətləri, yetimlərə yardım və ərzaq paylanması kimi fəaliyyətlərindən istifadə edir. Bu pullar zahirən xeyirxah görünür, amma sonda terrorun maliyyələşdirilməsinə yönəlir. O, regionda təsir mərkəzləri yaradır, o cümlədən Suriyada əl-Colani (Suriya Prezidenti Əhməd Əl-Şaraa-red)  kimi proksilərdən istifadə edir”.

Dror Blazada qeyd edib ki, Türkiyənin İran kimi proksiləri (HƏMAS, Hizbullah) yoxdur:

“Türkiyə İranın yaratdığı kimi birbaşa terror təşkilatları qurmur. Yerli liderlərlə əlaqə yaradaraq, onları özünə tabe edir. Bu liderlər isə Ərdoğanın bir növ kuklalarıdır”.

Vəsilə İBRAHİM

SAVASHMEDİA.az