Orbanın qızı və kürəkəni Macarıstanı TƏRK ETDİ - “Ailə qərarı”, yoxsa qaçış?
Macarıstanın Baş naziri Viktor Orbanın son seçkilərdə məğlub olması təkcə siyasi səhnədə deyil, onun ailə üzvləri ətrafında da müzakirələri intensivləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, “The Moscow Times” bununla bağlı diqqətçəkən məqamları gündəmə gətirib.
Məlumatda qeyd olunur ki, baş nazirin qızı Rahel Orban və kürəkəni Istvan Tiborcz Macarıstanda səsvermə başlamazdan əvvəl ölkəni tərk ediblər. Bildirilir ki, cütlük ABŞ-a, konkret olaraq Nyu-Yorka köçüb.
Rəsmi açıqlamalarda bu addım “ailə qərarı” kimi təqdim edilsə də, hadisənin məhz seçki ərəfəsinə təsadüf etməsi müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Sosial şəbəkələrdə və bəzi media orqanlarında onların ölkədən “qaçdığı” ilə bağlı iddialar da səsləndirilir.
Bununla yanaşı, qeyd olunur ki, bu köç ani qərar deyil. Ráhel Orbán daha əvvəl də ABŞ-a köçmək planlarının olduğunu açıqlamış və bunu əsasən təhsil və şəxsi səbəblərlə əlaqələndirmişdi. Bu baxımdan, baş verən hadisəni tam şəkildə siyasi proseslərlə bağlamaq mübahisəli hesab olunur.
Xatırladaq ki, István Tiborcz-un adı Macarıstanda bir sıra korrupsiya iddialarında hallanıb. Onun xüsusilə daşınmaz əmlak və otel biznesi sahəsində böyük layihələr həyata keçirdiyi, dövlət sifarişləri və investisiya layihələri ilə sürətlə varlandığı tez-tez gündəmə gətirilir.
Bütün bunların fonunda Orbán ailəsinin addımları ölkə daxilində və beynəlxalq mediada diqqətlə izlənilməkdə davam edir.
Oğuz