Tahir Gözəl Qurbanovu "kürdlərin komandası"na göndərir? - Mümkün gedişin DETALLARI

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Türkiyədə "kürdlərin klubu" kimi tanınan "Amedspor"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

May 9, 2026 - 12:51
May 9, 2026 - 15:04
Tahir Gözəl Qurbanovu "kürdlərin komandası"na göndərir? - Mümkün gedişin DETALLARI

SAVASHMEDİA.az xəbər verir ki, tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanan "Amedspor" yeni baş məşqçi axtarışına çıxıb.

Yayılmış məlumatlarda klubun bir sıra tanınmış futbol mütəxəssisi ilə yanaşı Qurban Qurbanovla da yaxından maraqlandığı bildirilir. Xitab24.az isə iddia edib ki, sözügedən klub Qurbanova illik iki milyon avro maaş təklif edib. 
 
"Amedspor"un Qurban Qurbanova bu marağının kökündə "Qarabağ" klubunun prezidenti Tahir Gözəl faktorunun dayandığı iddia edilir.

Belə ki, milliyyətcə kürd olan Tahir Gözəlin "Amedspor" camiəsi və rəhbərliyi ilə yaxşı münasibətlərə malik olduğu bildirilir. Qurban Qurbanovun "Amedspor"a mümkün transferinin ilk olaraq Tahir Gözəllə müzakirə edildiyi ehtimal olunur. "Qarabağ" prezidentinin bu təklifə hansı reaksiyanı verməsi isə məlum deyil.

Xatırladaq ki, "Amedspor" Türkiyənin Diyarbakır şəhərini təmsil edir. Klub 1972-ci ildə “Turan Gazozları”nın sponsorluğu ilə “Melikahmet Turanspor” adı ilə fəaliyyətə başlayıb. Sponsorluq bitdikdən sonra klubun adı 1985-ci ildə "Melikahmetspor" olaraq dəyişdirilib.

1990-cı ildə bələdiyyə tərəfindən satın alındıqdan sonra "Diyarbakır Belediyespor"a çevrilib. 1993-cü ildə Diyarbakıra metropol statusu verildikdən sonra klubun adı "Diyarbakır Büyükşehir Belediyespor" olaraq dəyişdirilib. 

2014-cü ildə 4-cü dəfə adı dəyişdirilən klub "Amedspor" adlandırılıb. Lakin Türkiyə Futbol Federasiyası (TFF) əvvəllər “Amedspor” adlı klub olduğu üçün bu adın istifadəsini qadağan edib. Bundan sonra klubun adı son dəfə dəyişdirilərək “Amed Sportif Faaliyetler Kulübü”nə çevrilib. Adı dəyişdirildikcə rəngləri də dəyişdirilən klubun hazırkı rəngləri yaşıl-qırmızı-ağdır.

Səlcuq