Televizorla dalaşır, gecəyarısı dostlarına zəng edir... - Trampın gecə vərdişləri
ABŞ Prezidenti Donald Trump təkcə siyasi qərarları ilə deyil, qeyri-adi gündəlik vərdişləri ilə də tez-tez gündəmə gəlir.
SAVASHMEDİA.az keçmiş köməkçilərinin xatirələri, jurnalist araşdırmaları və öz açıqlamaları əsasında Donald Trampın Ağ Evdəki fərqli həyat tərzinin detallarını təqdim edir.
Tramp gec yatmağı sevən siyasətçilərdəndir. O, adətən gecə saat 1 və ya 2-dən sonra yatır və cəmi 4-5 saatlıq yuxu ilə kifayətlənir.
Ən maraqlı faktlardan biri odur ki, Tramp gecə saatlarında televizoru söndürmür. Keçmiş əməkdaşların sözlərinə görə, onun otağında eyni anda bir neçə xəbər kanalı açıq olur. O, kanallar arasında tez-tez keçid edərək həm ABŞ, həm də dünya gündəmini izləyir.
Əgər hansısa telekanalda özü barədə tənqidi süjet yayımlanırsa, həmin verilişdən dərhal xəbər tutur. Bəzi hallarda gecənin bir aləmi köməkçilərinə zəng edərək bununla bağlı məlumat istəyir. Ümumiyyətlə isə gecə saatlarında köməkçilərinə tez-tez zənglər edir.
Onun daha bir qəribə vərdişi isə otaqda tək qalaraq "televizorla söhbət" etməsidir. Ağ Evdə işləmiş bəzi keçmiş əməkdaşlar bildiriblər ki, Tramp bəzən ekrandakı ekspertlərlə sanki canlı mübahisə edirmiş kimi danışır.
Tramp gecə qəlyanaltılarını çox sevir. O, xüsusilə hamburger, kartof qızartması və dietik kolaya üstünlük verir. O, tez-tez Ağ Evə fast-food sifariş edir. Tramp dəfələrlə bunu "təhlükəsiz seçim" hesab etdiyini deyib.
Tramp evdə xüsusi işıqlandırmanı sevmir. O, bəzi otaqlarda işığın daha zəif olmasını istəyir və televizora baxarkən otağın tam işıqlı olmasını xoşlamır.
Onun masasının üzərində həmişə qırmızı marker olduğu bildirilir. Tramp qəzet və sənədlərdə diqqətini çəkən hissələrin altını cızır, bəzi qeydləri isə birbaşa kağızın üzərinə yazır.
Tramp texnologiyadan istifadə etsə də, kağız sənədləri daha çox xoşlayır. Ona hər gün yüzlərlə səhifədən ibarət məlumat qovluğu təqdim olunsa da, uzun mətnləri oxumağı xoşlamadığı, əsas məqamların qısa şəkildə hazırlanmasını istədiyi bildirilir.
Keçmiş köməkçiləri onun ən gözlənilməz xüsusiyyətlərindən birini də açıqlayıblar. Bildirilir ki, Tramp gecə saatlarında qəfil qərar verərək ertəsi günün proqramını tam dəyişə bilir. Bu isə bütün komandanın planlarını yenidən qurmasına səbəb olur.
Daha bir maraqlı detal isə telefon zəngləri ilə bağlıdır. Trampın yaxın çevrəsi bildirir ki, o, bəzən gecə yarısı köhnə dostlarına, iş adamlarına və ya tanışlarına zəng edib gündəmdəki hadisələri müzakirə etməyi xoşlayır.
Onun haqqında ən çox danışılan faktlardan biri də televizora olan bağlılığıdır. ABŞ mediasında dəfələrlə yazılıb ki, Tramp bəzi siyasi qərarları televiziya proqramlarında eşitdiyi fikirlərdən sonra yenidən nəzərdən keçirib.
Səlcuq