Viktor Orbanın taleyini qaraçılar həll edir – Macarıstan seçkilərində “53 manatlıq” kölgə
Macarıstanda keçirilən seçkilər ətrafında qalmaqal böyüməkdə davam edir.
Müxalifət hakimiyyəti romani (qaraçı) icmasının səslərini pulla almaqda ittiham edir. Onların iddiasına görə, əvvəlki seçkilərdə passivliyi ilə seçilən bu icmanın birdən-birə kütləvi aktivləşməsi təsadüfi deyil.
Həqiqətən də builki səsvermədə romani seçicilərin fəallığı açıq şəkildə hiss olunur. Məlumatlara görə, onlar əvvəlki illərlə müqayisədə daha təşkilatlanmış və kütləvi şəkildə seçki məntəqələrinə üz tutur.
Rəsmi statistikaya əsasən, Macarıstan əhalisi təxminən 9.6 milyon nəfərdir. Beynəlxalq qiymətləndirmələrə görə, ölkədə romani icmasının sayı 700 minə qədərdir. Bu isə ümumi əhalinin təxminən 7–8%-i deməkdir və seçkilərin nəticəsinə təsir edə biləcək ciddi elektorat sayılır. Qeyd edək ki, rəsmi siyahıyaalmalarda bu rəqəm daha aşağı göstərilir.
Müxalifətə yaxın mənbələr iddia edir ki, hakim partiya hər bir romani seçicinin səsi üçün 10 min forint (təxminən 53 manat) təklif edir. Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqini tapmayıb.
Seçkilərdə ümumilikdə 199 deputat yeri uğrunda mübarizə gedir. Onlardan 93-ü partiya siyahıları, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülür. Hakim koalisiya — “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və onun tərəfdaşı Xristian-Demokrat Xalq Partiyası müxalif “Tisa” Partiyası ilə rəqabət aparır.
Hakim düşərgəyə Baş nazir Viktor Orban, müxalifətə isə Avropa Parlamentinin üzvü Peter Magyar rəhbərlik edir.
Mövcud vəziyyət göstərir ki, bu seçkilərdə əsas “oyun dəyişdirən qüvvə” məhz romani seçicilər ola bilər və nəticə onların seçimindən ciddi şəkildə asılıdır.
Oğuz
SAVASHMEDİA.az