ABŞ bombardmançıları Norveçə daxil oldu

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç B-1B Lancer bombardmançı təyyarəsi Norveçdəki Erland aviabazasına varid olub.

Aug 12, 2025 - 17:37
ABŞ bombardmançıları Norveçə daxil oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.
 
Təyyarələr Texas ştatındakı Dayess Hərbi Hava Qüvvələri bazasından yola düşüb. Bu təyyarələr avqustun 9-da Bombardmançı Təşkilat Qrupunun “NATO müttəfiqləri ilə təkmilləşdirilmiş döyüş hazırlığı və hazırlıq qiymətləndirmələri keçirən Avropaya ən yeni yerləşdirməsində” iştirak edəcək.

Bombardmançı təyyarələr Şimali Atlantika üzərində uçarkən İslandiyadakı Keflavik aviabazasında yerləşən İspaniya Hava və Kosmik Qüvvələrinin qırıcıları tərəfindən müşayiət olunub. 

NATO Komandanlığının məlumatına görə, ispan qırıcıları blokun İslandiya üzərində hava məkanının mühafizəsi üzrə missiyasında ilk dəfə iştirak edib.

Təlim zamanı B-1B-lər Norveç F-35 qırıcıları və digər NATO təyyarələri ilə birlikdə bir sıra missiyaları yerinə yetirəcək.

Komandanlıq bəyan edib ki, bu, 2025-ci ildə Amerika bombardmançılarının Avropaya beşinci gəlişidir. 2025-ci ilin mart ayında iki Amerika B-52 strateji bombardmançı təyyarəsi də Finlandiyanın Rovajarvi poliqonunda təlimlər keçib.

Rusiya KİV-i qeyd edib ki, bombarmançı təyyarələrin göndərilməsi xəbəri Donald Tramp və Vladimir Putinin görüşündən bir qədər əvvəl yayılıb. Bu, “Tramp danışıqlardan əvvəl Rusiya sərhədinə bombardmançı təyyarələr yerləşdirir” kimi qiymətləndirilib. 

Xatirə SADİQ