Balakişi Qasımov, Rauf Arifoğlu və Mirşahinə MƏZHƏB İTTİHAMI

İlahiyyatçı Elşad Miri İctimai Tv-nin şəxsinə qoyduğu qadağa ilə bağlı paylaşım edib.

May 26, 2026 - 14:03
Balakişi Qasımov, Rauf Arifoğlu və Mirşahinə MƏZHƏB İTTİHAMI

SAVASHMEDİA.az xəbər verir ki, o, Balakişi Qasımovun 3-cü dəfə həmin quruma Baş direktor seçilməsindən sonra qadağanın qüvvədə qalacağını iddia edib. 

Elşad Miri İTV rəhbərinin məsələyə məzhəb prizmasından yanaşmasının yanlış  olduğunu vurğulayıb.

"Çıxışlarım, danışıqlarım İctimai TV-nin Baş direktorunun məzhəbinə zidd olduğuna görə İTV-dəki dostlarım məndən nə müsahibə ala, nə də verilişlərə dəvət edə bildiklərini demişdilər. Bu ittihamdırmı? Əlbəttə, xeyr. Çünki vaxtilə Şahin Həsənli dünyasını dəyişəndə, Allah rəhmət eləsin, prosesin canlı yayımlanmasına etiraz edənlər də bundan payını alıblar. Təsəvvür edin, həmin şəxslərdən biri İran sevdalıları tərəfindən iftardan qayıdarkən güllələnən millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadır. İctimai TV-nin qapıları illərdir Fazil bəyin üzünə də qapalıdır. Səbəbi geniş izah etməyə ehtiyac yoxdur. İran sevdalısı olmağın, məzhəb təəssübkeşliyinin təhlükəli olduğunu dilə gətirməyimin əbəs olmadığını təkcə bu fraqment də göstərir" - ilahiyyatçı yazıb.

Fotoda Elşad Miri

O, daha sonra özü ilə bağlı qadağanın təkcə İTV ilə yekunlaşmadığını xatırladıb: 

"Dünənki statusumu xəbər kimi ilk Müsavat saytı dərc edib. Ondan sonra isə digər saytlar da xəbəri ictimailəşdiriblər. Təəccüblü tərəfi odur ki, qadağa qoyanlardan biri də elə Müsavat TV-dir. Həmin kanalın efirlərində haqqımda danışılsa da, cavab haqqım yaransa da, bu kanal da rəhbərinin məzhəbçiliyinə görə mənə qadağa qoyanlardandı. (Sevinc Telman Qızı, Rauf Abbasov Arifoglu)

Digər yasaqlayıcı zehniyyətin simalarından biri də Real TV-nin direktoru olan Mirşahindir. Seyidlər haqqındakı çıxışıma və Allahşükür Paşazadə ilə münasibətə görə Mirşahinin də qadağalar siyahısındayam. Bu yasaqlayıcı zehniyyət o qədər inkişaf edib ki, eyni yanaşmanı Mirşahinin oğlunun kanalında da müşahidə edirik. Yəqin məsələ genetikdir. 

Qadağalar Xəzər TV-də də var. Amma Murad Dadaşovun hansı məzhəbə mənsub olduğunu bilmirəm. Yazılası, danışılası çox məsələ olsa da, hələlik bu qədər…"