“Bizi müdafiə edən bir neçə nəfər Prezident ofisində həlak oldu” – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski genişmiqyaslı işğalın əvvəlində ona qarşı sui-qəsd cəhdlərindən və prezident aparatında bəzi insanların həlak olmasından danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Zelenskinin “Guardian” nəşrinə müsahibəsi zamanı baş verib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalının əvvəlində ona “qasidlər” göndərilib – xüsusən də parlament korpusunun nümayəndələri gəlib “sabah bizi işğal edəcəklər, qaçmalıyıq” deyiblər.
Bundan başqa, müxtəlif ölkələrin liderləri ona zəng edərək Ukraynanı tərk etməyə çağırırdılar.
“Müxtəlif tərəflərdən təzyiq olurdu. Öldürmək istəyən adamlar oldu. Atışma və buna bənzər hadisələr oldu. Burada, bizim ofisin daxilində bizi müdafiə edən bir neçə nəfər həlak oldu. Desant çıxarmaq və sair oldu. Bütün bunlar baş verirdi. Buna paralel olaraq ultimatumlar da olurdu. Onlar təzyiq edirdilər”, - deyə Zelenski xatırladıb.
Zelenski qeyd edib ki, o, heç vaxt Rusiyanın heç bir ultimatumuna razı olmayıb. Onun sözlərinə görə, ruslar Ukraynanın milli maraqlarına xəyanət etməyi tələb edirdilər.
Eyni zamanda o, nəzərə çatdırıb ki, Putin “İstanbul razılaşmaları” əsasında “danışıqlara hazır olmaq” haqqında ritorikadan istifadə etməkdə davam edir.
Xatırladaq ki, 2022-ci ilin martında Rusiya ukraynalıların müqavimət göstərə biləcəyini ağlına belə gətirmirdi. İstanbulda təşkil olunan danışıqlar zamanı Kiyev rəsmiləri rusların “demilitarizasiya” və “denasifikasiya” bəhanəsi ilə Ukraynanın de-fakto kapitulyasiyası tələbini rədd etdilər.
Xatirə SADİQ