Ekstra protez - Rəvayət
Nəsrəddin kişinin dişləri qocaldıqca sürətlə xarab olurdu. Artıq ağzında qəza vəziyyəti yaranmışdı.
Günlərin bir günü gəzə-gəzə stomatoloji klinikaya gəlir. Təcrübəli həkim onu müayinə edib deyir ki, daha gözləmək olmaz. 5-6 diş qalıb. Onlar da çıxarılıb, protez taxılmalıdır. Mollanın dərdi açılır:
– Ay doktor, bilirsən ki, ömür boyu yas mərasimlərinə getməmişəm, pul yığmamışam. Yığdığım, yaratdığım yalnız lətifələr olub. Müalicəlik pulum yoxdur. Olanım əziz dayımdır. Amerikada yaşayır. Milyonçudur. Onun da məndən başqa heç bir qohumu qalmayıb. Ömrü uzun olsun, amma olmasa, həyatım babatlaşar.
– Molla, dayının neçə yaşı var?
– 94-dür. Çoxdandır ağır xəstədir.
Smartfonunu çıxarıb həkimə fotolar göstərir. Şəkillərdə dayısı ilə birlikdə yaxtada dəniz gəzintisinə çıxıblar, mehriban qucaqlaşıblar. Həkim soruşmaya bilmir:
– Kişi nə işlə məşğul olub?
– Pulu neft quyularından avtomatik gəlir. Özü isə xeyriyyəçiliklə məşğuldur. Təbiət qoruqlarına, heyvanxanalara, sahibsiz heyvan sığınacaqlarına vəsait xərcləyir. Afrikada, Avstraliyada... Ürəyi çox genişdir.
– Bəs cibi necə? Nə qədər pulu var?
– Son dəfə mən biləndə 150 milyon dollar idi. Çoxdandır xəbərim yoxdur.
Həkim canlandı. Sonra dedi:
– Molla, gəl belə edək. Elə bu gün artıq dişləri çıxarmağa başlayaq. Üç gün keçsin, gəl, işi davam etdirək.
– Axı dedim ki məndə pul yoxdur.
– Eyb etməz. DayıMızdan nəsə alanda, mənim də payımı verərsən.
Elə də sövdələşdilər.
Həmin axşam həkim internetdə axtarış apardı. Gözlərinə inanmadı. Əziz dayının kapitalı 455 milyon dollar olmuşdu. Nəsrəddinin dediyi kimi, tanınmış xeyriyyəçi idi. Hər il heyvanların müdafiəsi fondlarına 100 milyon pul köçürür. İnternetdə fillərlə, zürafə ilə, qara köpəklə və bacısı oğlu Nəsrəddinlə şəkillər yerləşdirilmişdi. Həkimin ürəyi yerinə gəldi.
Molla Nəsrəddin deyilənə əməl edir, 3-5 gündən bir qəbula gəlirdi. Hər dəfə də deyirdi ki, pis xəbərlər var: dayısının səhhəti ağırlaşır. Bunu eşidəndə, həkimin sanki enerjisi artırdı. Bir gün dedi:
– Molla, sənin xətrinə Almaniyadan çox bahalı və ən yaxşı iş materialları sifariş etmişəm. Ekstra, super-puper protezin olacaq. Yanında bomba partlasa, dünya dağılacaq, amma protezin zədələnməyəcək.
Misilsiz reklam idi: özün ölsən də, dişin qalacaq.
Vaxtı gəlib çatdı. Nəsrəddin protez taxdı. Bir gündə 40 il cavanlaşdı. Sədəf dişlər, gözəl təbəssüm. Molla dedi:
– Amerikadan hər gün səbirsizliklə şad xəbər gözləyirəm. Dayım dünəndən reanimasiyadadır. Gecə-gündüz dua edirəm ki, hər şey yaxşı olsun.
– Mən də dualar oxuyuram.
Hərə öz ürəyindəki duanı etdi, gör fələk nə etdi.
Bir həftə sonra Nəsrəddin yenə klinikaya ayaq basdı. Görüşən kimi həkim Mollanın yox, dayısının halını soruşdu.
– Çox pis xəbər gəlib. Kişi keçindi.
– Bəs pullarından nə xəbər var?
– Vəkili dedi ki, vasiyyətnamədə mənim adım yoxdur. Qoruqlara böyük vəsaitlər paylayandan sonra qalan pulları Doberman üçün qoyub.
– O kimdir? Yəhudidir?
– Yox, doktor, şəkildəki həmin qara itdir.
Bu yerdə həmin bomba partladı. Həkimin rəngi bir an içində mazut kimi oldu. Kinayə ilə:
– Molla, bəs demişdin nə alsan mənimlə bölüşəcəksən...
– Elə də etdim. Xəbər aldım – səninlə böldüm.
– Belə çıxır ki, sənin heç it qədər hörmətin yoxdur, - deyə qanmaz cavan müdrik qocanı alçaltmaq istədi.
– Amerikada bəlkə də elədir. Amma Azərbaycanda hörmət edirlər, mənə havayı ekstra protez düzəldirlər...
A.ƏZİZ