Əlvida, Kolxozstan! – 14

Kolxoz nədir? Bu sualı cavanlara deyil, məhz qocalara, xüsusilə sovet dövrünün çöldə gəzən eşşəyini də vurğunluqla tərifləyən dar düşüncəli insanlara ünvanlayıram.

Mar 6, 2025 - 13:52
Əlvida, Kolxozstan! – 14

Leninizm ölkədə proletariat diktaturası elan etməklə kəndli sinfini fəhlənin “quyruğuna” bağladı. İşıqlı gələcəyi – sosializmi, kommunizmi – proletarlar quracaqlar, kəndlinin missiyası qurucunu ət, yağ, süd, çörək və vitaminlə təmin etməkdir.

Şəxsi mülkiyyət – min illərlə iqtisadi tərəqqinin, həyatın lokomotivi olmuş münasibət – ləğv edildi. İşçinin quruculuq təşəbbüsü, yaratmaq həvəsi məhv oldu. Azad mülkiyyətçi anlayışına qadağan qoyuldu. Kəndli fəhlənin kölgəsi, quyruğu, davamı deyil, daha alçaq səviyyəyə endirildi. 1861-ci ildə ləğvi bəyan edilən, lakin ölkədə real amil olan təhkimçilik hüququ sovet ideologiyasının və varlığının elementinə çevrildi.

Kollektivləşmə iqtisadi yox, terrorçu siyasət idi. Əli silahlılar evlərə girib insanların öz ailələrinin ərzaq ehtiyatı kimi saxladıqları taxılı və digər azuqəni müsadirə edirdilər. Onlar hətta səpinlik buğdanı, kartofu və soğanı götürüb aparırdılar. Ölkədə kütləvi aclıq başlandı. Kəndlilərin ən zəhmətkeş, məhsuldar təbəqəsinə mənsublar “kulak” adlandırıldılar, xalq düşməni elan olundular. Milyonlarla günahsız insan sürgünə göndərildi, güllələndi.

Rusiyanın televiziya kanalları kolxoz həyatını daha nümunə kimi göstərmir. Azərbaycan televiziyaları isə “Böyük dayaq” filmini hələ də “işıqlı” keçmiş həyatın təcəssümünə çevirir.

Yalandır! Olmayıb heç bir demokratik seçki! Kolxozlar da kəndlinin maraq və istəyinin ziddinə yaradılıb. Üzdəniraq seçkilər də rayon partiya komitəsinin təklif etdiyi (oxu: sırıdığı) namizəd ətrafında aparılıb.

Kolxoz aqrar ictimai-iqtisadi sistemli ölkədə çoxluq təşkil edən əhalinin itaətdə saxlanılması üçün effektiv alət idi. Sovet quruluşunu tərifləyən qocadan soruş ki, kolxozçulara pasport neçənci ildən verilməyə başlandı. Əgər bilsə, de: “Buna görəmi şura hökumətini tərifləyirsən?”. Bilməsə heç nə demə! Xətrinə dəymə! Zavallı onsuz da həyatın dibində yaşayır. Hətta cibləri pul ilə dolu, süfrəsi nemətlərlə boldursa da!

Kəndli balası şəhərə gedib təhsil almaq üçün kolxoz sədrindən icazə istəməli idi. Yazılı icazə arayışla ifadə olunurdu. Arayış yalnız təhsil müddətinə şamil edilirdi. Şəhərdə oxudun – qayıt kolxozunda “çal”.

Çox alçaltdı kolxoz insanı! Odur ki, kolxoz sistemi dağıldıqdan sonra kəndli, nəhayət, rahat nəfəs aldı. Doğrudur, əksər yerlərdə kəndli yağısdan çıxıb yağmura düşdü. Lakin bu, bütövlükdə xalqın taleyidir. Məsələn, Baltiya ölkələrində fərqli oldu. Məşhur kəlamı başqa cür ifadə etsək, hər bir xalq öz taleyinə layiqdir.

(Sonu var)

A.ƏZİZ