İlon Maskın şirkətində “yarpaq tökümü” başlayıb

Son il ərzində İlon Maskın biznes imperiyası yüksək səviyyəli rəhbərlərin işdən getməsi dalğası ilə üzləşib.

Oct 1, 2025 - 14:32
İlon Maskın şirkətində “yarpaq tökümü” başlayıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) yazıb. 

Məlumata görə, bu yaxınlarda “Tesla”nın ABŞ üzrə satış departamentinin, akkumulyator və güc aqreqatlarının istehsal bölmələrinin, ictimaiyyətlə əlaqələr departamentinin mühüm üzvləri və informasiya texnologiyaları direktoru, eləcə də “Optimus” robotu üzrə komandaların əsas üzvləri işdən gediblər.

Daha sürətli kadr axını Maskın süni intellekt sahəsində startapı olan XAI-də müşahidə olunmaqdadır. Bu yaxınlarda şirkətin maliyyə direktoru və baş hüquqşünası bir həftəlik fərqlə vəzifələrindən ayrılıblar.

FT qeyd edib ki, çoxları uzun karyeradan sonra məmnunluqla xidməti tərk ediblər. Onlar startaplar yaratmaq və ya karyera fasiləsi vermək niyyətindədirlər. Bundan başqa, tükənmə, biznesmenin şirkətin inkişafı məsələləri üzrə qərarları və siyasi baxışları ilə razılaşmamaq səbəbindən işdən ayrılanların sayında artım müşahidə olunur. 

xAI işçiləri qeyd ediblər ki, 2022-ci ilin sonunda ChatGPT istifadəyə verildikdən sonra əməkdaşların yükü çoxalıb. Onlar hesab edirlər ki, İlon Maskın Səm Altmanla rəqabəti (onlar küsənə qədər OpenAI-nin həmtəsisçiləri idilər) işçilərə təzyiqin əsas səbəblərindən biridir.

“İlon ürəyində ChatGPT-yə qarşı kin bəsləyir və hər boş vaxtını Səmi biznesdən  sıxışdırıb çıxarmağa sərf edir”, - deyə mənbələrdən biri FT-yə söyləyib.

Xatirə SADİQ