İran millisinin paltardəyişmə otağında qoyduğu MƏKTUB - NƏ YAZILIB?
2026-cı il Dünya Çempionatında Misirlə 1:1 hesablı heç-heçə edən İran millisinin oyundan sonrakı davranışı böyük marağa səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, İran yığmasının futbolçuları Sietldəki stadionun paltardəyişmə otağını tərk edərkən divara əllə xüsusi bir məktub yazıblar.
Qısa müddətdə sosial şəbəkələrdə və beynəlxalq mediada geniş yayılmış həmin məktubun mətnini təqdim edirik:
"Biz elə bir ölkədən gəlirik ki, min illərdir, şərəfi qələbədən üstün tutur. Futbol bizim üçün sadəcə nəticə uğrunda mübarizə deyil, xarakter sınağıdır. Xallar müxtəlif yollarla qazanıla bilər, amma hörmət yalnız düzgün davranışla əldə olunur. Fair-play futbolun sadəcə qaydası deyil, onun ruhudur".
İran millisi eyni zamanda Sietl şəhərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və dəstəyə görə azarkeşlərinə minnətdarlığını bildirib.
Xatırladaq ki, məktub VAR-ın İranın qələbə qolunu ləğv etməsindən dərhal sonra paylaşılıb.
Qeyd edək ki, Misirlə görüş dramatik alınıb. İran əlavə vaxtda vurduğu qolla qələbəyə çox yaxın olsa da, VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv edilib. Nəticədə oyun 1:1 hesabı ilə başa çatıb və İranın pley-offa yüksəlmək şansları digər qruplardakı nəticələrdən asılı vəziyyətə düşüb.
Oğuz