Köçəryanın həbs olunan oğlu Sedrakı Azərbaycanın bu şəhəri ilə nə bağlayır? - DOSYE
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bu gün saxlanılan böyük oğlu Sedrak Köçəryan uzun illərdir ölkənin biznes və əmlak mübahisələrində adı hallanan şəxslərdən biridir.
SAVASHMEDİA.az xəbər verir ki, Sedrak Köçəryan 23 iyul 1981-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olub.
İrəvan Dövlət Universitetində iqtisadiyyat üzrə magistr təhsili alan Sedrak daha sonra Moskva Skolkovo Menecment Məktəbində MBA dərəcəsi əldə edib. 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Həyat yoldaşı və övladları
Sedrak Köçəryan Zaruhi Badalyanla evlidir. Cütlüyün üç qızı və bir oğlu var.
Zaruhi Badalyan 1981-ci ildə İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib və daha sonra magistratura təhsili alıb. 2002–2008-ci illərdə Ermənistan Mərkəzi Bankında bank analitiki və bank metodologiyası üzrə mütəxəssis kimi çalışıb. 2008-ci ildən isə “Gritti” şirkətinin direktorlar şurasında fəaliyyət göstərdiyi qeyd olunur.
Sedrakın maraqları
Köçəryanın oğlu siyasətdən daha çox biznes fəaliyyəti ilə tanınır. Onun idmana xüsusi marağı olduğu bildirilir. Sedrak dalğıclıq, dağ xizəyi və triatlonla məşğul olur.
Ailənin əmlakı niyə müzakirə olunur?
Sedrak və həyat yoldaşının adı son illərdə onların şəxsi həyatından daha çox əmlak mübahisələri səbəbindən gündəmə gəlib.
2024-cü ildən Ermənistanın Antikorrupsiya Məhkəməsində Sedrak Köçəryan və Zaruhi Badalyanın qanunsuz mənşəli əmlaklarının müsadirəsi ilə bağlı işə baxılır.
2025-ci ildə Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və ailə üzvlərinə qarşı iş çərçivəsində 22 daşınmaz əmlak, 3 milyon dollardan çox nağd pul, istiqrazlar, bank əmanətləri və müxtəlif şirkətlərdə payların müsadirəsini tələb etdiyini açıqlamışdı. Sedrak Köçəryan və Zaruhi Badalyan da iş üzrə cavabdehlər arasında göstərilib.
Aytən