O səs BU səsə çatmaz - Anlatma
Səs (“Voice”) vokal yarışları dünyanı işğal edib. Əylənmək isə, məlum olduğu kimi, çörək qədər vacibdir.
Bu müsabiqə formatını digərlərindən fərqləndirən maraqlı cəhət odur ki, son, həlledici mərhələlərdə qalibi tamaşaçı da müəyyənləşdirir. Əslində elədirmi?
Seçimin öz incəlikləri var. Məsələn, məşqçi ilə iştirakçı arasında hər hansı münaqişə baş versə, yaxud sonradan məşqçinin ondan xoşu gəlməsə, çox rahatlıqla rədd edə bilər. Digər tərəfdən, kimisə finala aparmaq istəyirsə, onu ən ciddi, bəlkə də qələbəyə layiq rəqibi ilə ilk raundlarda qarşılaşdırar. Bu zaman yarışın taleyini bizlər deyil, məşqçi şəxsən, təkbaşına həll edir. Tamaşaçı hiddətlənsə də, qabağına qoyulanı “yeyəcək”, növbəti raundadək o birini unudacaq, diqqətini yenidən real səhnədə cəmləşdirəcək.
“Voice”un yazılmamış qanununa görə, başqa ölkədə qalib olmuş şəxsin qarşısını kəsirlər. Məntiq: “Səninçin bura deyildir ora”. Xaricdə uduzan da irəli getməməlidir. Məntiq: “Bizdə qalib gəlmək oradan asan deyil”.
Adətən, xarici vətəndaşlara birinci yer qismət olmur. Yadımda iki istisna qalıb. Bizim Elnur Hüseynov “O ses Türkiye”də qalib gəlmişdi. Ondan əvvəl isə İtaliyada alban qız birinci yeri tutdu. Uşaqların yarışlarında ukraynalı Solomeya Almaniyada, qazaxıstanlı Daneliya Tuleşova Ukraynada qələbə qazanıblar.
Deyirlər ki, tamaşaçılar məşqçilərlə yanaşı səs verərək, yarışın taleyini həll edirlər. Bir çox ölkədə prezident və parlament seçkilərində nəticələrin saxtalaşdırıldığı fırıldaq dünyada hansısa “Voice”un və “Eurovision”ın saxta keçməsi tamamilə mümkündür.
Yarışların gedişində məşqçilərin çox zaman yüngül davranması – axmaq söz işlətmələri, düyməni biədəb şəkildə basmaları, bazar söhbətləri – müsabiqəni gözdən salır. Hədsiz çərənləmələrə görə Azərbaycan və Türkiyə “səs”lərinə baxmağı tərgitmişəm: sağlamlığım mənə əzizdir!
Yeni mənfur qayda məşqçini bloka salmaqdır. Bu addım həmkara hörmətsizliklə yanaşı, iştirakçını azad seçim imkanından məhrum etməkdir: gənc, təcrübəsiz müğənni amansız rəftar qarşısında aciz qalır.
Şou aparıcıları ayrı bir dastandır. Kim isə meydana içib çıxır, kimisi boş-boş əl-qol atır, başqası qiz-qadına əl sürtür, onu bağrına basıb tutur. Bu, Moskva yarışında keçən ilədək uzun müddət aparıcı olmuş erməni Dmitri Nağıyevə aiddir. Nalayiq hərəkətlərini o, nəinki milyonlarla televiziya tamaşaçısının, həm də həmin qadınların ər və adaxlılarının gözü qarşısında göstərirdi. Rus cəmiyyəti bunu rahat həzm edirdi. Doğrudur, padşahlar da hərəmlərini xacəyə, xidmətçi xədimlərə qisqanmırdılar. Amma rusiyalılar soltana qətiyyən oxşamırlar.
Mən hər işdə peşəkarlığı qiymətləndirir, üstün tuturam. Bəs niyə bu yarışlara baxır, hələ sazlanmamış səslərə qulaq asıram? Məni cəlb edən iki şey var: hərdən yeni istedadların üzə çıxması və yarış iştirakçılarının yaxınlarının həyəcanı, sevinci. Başqalarının sevincinə sevinirəm.
Deyirlər ki, məşqçi komanda yığır. Boş sözdür. Komandada məqsəd bir olar. “Voice”da isə hərənin öz məqsədi, öz marağı var. Məqsəd onları ayırır. Hərə qələbə yorğanını öz üstünə çəkir. Digər tərəfdən, məşqçi güclü artisti aşkar edib, özü ilə qastrol səfərlərinə aparmaq, konsertlərində səhnəyə buraxmaq istəyir. Başlayan artist də buna ümid edir, çünki yarış özlüyündə tramplindir. Amma Rusiyanın keçən həftə başa çatmış “Голос” (“Voice”) yarışında finala Bolşoy Teatrın iki solisti çıxdı. İlk iki yeri məhz onlar tutdular. Qəribə məsələdir. Çünki yarışmağa gələnlər belə möhtəşəm teatra düşəcəklərinə ümid, onu bəsləməyə cürət etmirlər. Bu isə hazır solistlərdir. Dinləyəndə də görürsən ki, o biri səslər buna tay deyil.
A.ƏZİZ