TƏBİB-də yeni direktor təyinatları

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

May 26, 2026 - 15:25
TƏBİB-də yeni direktor təyinatları

SAVASHMEDİA.az xəbər verir ki, təyinatlarla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrə əsasən, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Nazim oğlu Paşayev təyinat alıb.

C.Paşayev müxtəlif illərdə ayrı-ayrı tibb müəssiələrində, o cümlədən 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

Digər əmrlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Leylan Məhəmmədəli qızı Nəsirova təyin edilib.

L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.

O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.

2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.