Ukraynanın keçmiş spikerinin qatili yaxalandı - FOTOSU

Lvov şəhərində qətlə yetirilmiş xalq deputatı və Ali Radanın keçmiş sədri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb. 

Sep 1, 2025 - 12:09
Ukraynanın keçmiş spikerinin qatili yaxalandı - FOTOSU

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sentyabrın 1-nə keçən gecə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat paylaşıb.

“Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk indicə Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat verdilər”, - deyə Zelenski bildirib. 

Onun sözlərinə görə, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir: “Mövcud məlumatların ictimaiyyətə təqdim edilməsini tapşırdım. Mən hüquq-mühafizə orqanlarının əməkdaşlarına operativ və əlaqələndirilmiş işlərinə görə təşəkkür edirəm. Bu dəhşətli qətlin bütün təfərrüatları aydınlaşdırılmalıdır”.

Zelenski daha sonra baş prokuror Ruslan Kravçenko ilə danışdığını vurğulayıb: “O, Andriy Parubiyin qətlində şübhəli bilinən şəxslə bağlı gələcək prosessual addımlar barədə məlumat verdi. Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyən edilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir".

Qeyd edək ki, artıq Ukraynanın milli polisi saxlanılan şübhəlinin ilk fotoşəkillərini nümayiş etdirib. Milli polis rəisi İvan Vıqovski bu cinayətin təsadüfi olmadığını və Rusiya izinin olduğunu vurğulayıb.

Xatırladaq ki, xalq deputatı və Ali Radanın keçmiş sədri Andrey Parubiy avqustun 30-da Lvovda keçədə getdiyi yerdə qətlə yetirilib. Kuryer geyimində olan naməlum şəxs  velosipeddən enerək siyasətçiyə 8 dəfə atəş açıb və onun ööldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib. Şəhərdə xüsusi “Sirena” əməliyyatı başlayıb. Əməliyyat nəticəsində məlum olub ki, şübhəli şəxs paltarını dəyişib, silahdan qurtulub və Xmelnitski vilayətində gizlənməyə çalışıb. Lakin 36 saatdan sonra həmin şəxs yaxalanıb. 

Xatirə SADİQ