Anasını amansızlıqla öldürmüşdü - Müğənni Güllünün qızına AĞIR CƏZA
Türkiyədə müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənninin qızı, anasını öldürməkdə ittiham olunan 28 yaşlı Tuğyan Ülkem Gülter məhkəmədə ağlayaraq ifadə verib.
“İttihamları qəbul etmirəm. Anamın yıxıldığı anı qətiyyən görməmişəm. Hər ana ilə qız arasında mübahisələr yaşanır. Bu bizim ana-qız olduğumuz gerçəyini dəyişmir. Mən zərərçəkmişəm. Mənə böhtan atılıb. Həmişə Sultana (Sultan Nur Ulu – Tuğyanın rəfiqəsi) dəstək olmuşam. Niyə belə etdiyini bilmirəm. Əgər mən qatiləmsə, o bunu görübsə, hadisə zamanı niyə əngəl olmayıb? İlk ifadəni o verib. Mənimlə eyni şeyləri danışıb. İndi isə mənim qatil olduğumu deyir. Onun qorxduğu və təzyiqə məruz qaldığı üçün belə ifadə verdiyinə inanıram. Əleyhimə ifadə verən hər kəsin qorxduğu üçün belə davrandığını düşünürəm.
Sosial mediada və mətbuatda məni “ana qatili” kimi təqdim edir, mənə bu damğanı vururlar. Həbsxanada saçımı boyadığım üçün məni qınayırlar. Anamın itkisi ilə bağlı acımı yaşaya bilmədim. Özümü izah edə bilmədim. Mən ilahi ədalətə güvənirəm. Siz mənə nə qədər cəza versəniz də, günahsız olduğumu bilirəm. Mənə böhtan atanlara haqqımı halal etmirəm. O biri dünyada anamla əl-ələ verib ilahi məhkəmə qarşısına çıxacağıma inanıram. Qızımın bu ləkəni daşımasını istəmirəm”, – o bildirib.
Tuğyanın ifadəsindən sonra məhkəmə ona hökm oxuyub.
28 yaşlı Tuğyan Ülkəm Gülter doğma anası, məşhur müğənni Güllünü əvvəlcədən planlaşdıraraq qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Hadisə 2025-ci il sentyabrın 26-da Yalova şəhərində baş verib. Məşhur müğənni Güllü (Gül Tut) yaşadığı binanın 6-cı mərtəbəsindəki pəncərədən yıxılaraq həyatını itirib. Hadisədən sonra başladılan genişmiqyaslı istintaq çərçivəsində sənətçinin qızı Tuğyan Ülkəm Gülter xaricə qaçmaq istəyən anda saxlanılıb və həbs edilib.
Banu