Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana niyə gəlib? - ŞƏRH
Ramzan Kadırov bundan əvvəl Azərbaycana 2018-ci ildə səfər etmişdi.
Bu şəxs keçmiş illərdə ölkəmizin ünvanına xoş olmayan sözlər deyib və cavabını da alıb. Elə 2024-cü ilin dekabrında Rusiya səmasında Bakı-Qroznı təyyarəsi raketlə vurulduqdan sonra da onun bu haqda açıqlaması normal deyildi.
Ancaq Kadırov Prezident İlham Əliyevlə bugünkü görüşündə təyyarəmizin “qəzaya uğramasıyla” əlaqədar öz adından, bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verib.
“Bu, bizim ortaq kədərimizdir” deyən Kadırov qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşdüyünü və həlak olanların hamısının ruhuna dualar etdiyini bildirib.
Kadırovun Azərbaycan Prezidentinə müraciətində “xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək” cümləsi də diqqət çəkicidir.
Ramzan Kadırov İlham Əliyevlə birgə “Ağ Şəhər”də olublar.
Fikrimcə, bu səfər və Kadıvorun “Ağ şəhərlə” tanışlığı onu deməyə əsas verir ki, Çeçenistanın Azərbaycanın yatırımlarına ehtiyacı var.
Politoloq Elxan Şahinoğlu