Pekin bunu təkzib etdi - “ciddi nəzarət edirik”
Rəsmi Pekin Ukraynadakı müharibədə hər hansı tərəfə öldürücü silah verildiyini təkzib edib.
SAVASHMEDİA.az “The Guarden”ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Tszyan deyib.
“Çin tərəfi heç vaxt münaqişənin hər iki tərəfini öldürücü silahlarla təmin etməyib və ikili təyinatlı əşyalara ciddi nəzarət edir”, - deyə sözçü vurğulayıb.
Bundan öncə XİN spikeri bildirmişdi ki, ölkəsinin Ukrayna məsələsi ilə bağlı mövqeyi ardıcıl və aydındır. “Biz hər zaman hərbi əməliyyatların dayandırılması və sülh danışıqları üçün fəal çalışmışıq”, - deyə sözçü diqqətə çatdırmışdı.
Xatırladaq ki, aprelin 17-də keçirdiyi brifinqdə Ukrayna prezidenti Volodimir Zelenski kəşfiyyatdan alınan məlumata istinad edərək bildirmişdi ki, Çin Rusiyaya artilleriya və barıt verir, eləcə də çinlilər Rusiya ərazisində bəzi silahların istehsalı ilə məşğuldur.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində Çin özünü “bitərəf tərəf” kimi qələmə versə də, Qərb ölkələri hesab edirlər ki, Pekinin Rusiya ilə sıx əlaqələri Moskvaya mühüm iqtisadi və diplomatik dəstək verir.
Xatirə SADİQ