Putinin sirrini bilən yeganə adam - Şəxsi həkimi haqqında bilinənlər

Rusiya Prezidenti Vladimir Putin haqqında ən çox müzakirə olunan mövzulardan biri onun sağlamlığıdır. 

Jul 6, 2026 - 17:28
Putinin sirrini bilən yeganə adam - Şəxsi həkimi haqqında bilinənlər

SAVASHMEDİA.az şərti olaraq "Putinin sirrini bilən yeganə şəxs" adını almış həkimi ilə bağlı məlumatları təqdim ebdir. 

Kreml bu barədə demək olar ki, heç vaxt ətraflı məlumat verməyib. Amma əcnəbi araşdırmaçılar Putini səfərlərində müşayiət edən həkimlər qrupu haqqında mühüm məlumatlar toplayıb.

Sənədlərə görə, Putinin ən çox yanında görünən şəxslərdən biri Mərkəzi Klinik Xəstəxananın cərrah-onkoloqu Yevgeni Selivanovdur. O, 2016-2019-cu illər ərzində Putini dəfələrlə müşayiət edib və  aylarla onun yanında qalıb. Araşdırmalarda Selivanovun qalxanabənzər vəzi xəstəlikləri üzrə ixtisaslaşdığı da qeyd olunub.

Həmin araşdırmalarda daha bir həkim, qulaq, burun və boğaz üzrə mütəxəssis Aleksey Şeqlovun da adı çəkilir. O, müxtəlif səfərlərdə və xüsusilə Soçi rezidensiyasında prezidenti dəfələrlə müşayiət edib.

Bu məlumatlar uzun müddətdir Putinin sağlamlığı ilə bağlı müxtəlif fərziyyələrin yaranmasına səbəb olub. Bəzi xarici KİV-lər bunu mümkün müalicələrlə əlaqələndirsə də, həmin iddiaları təsdiqləyən rəsmi tibbi sənədlər aşkarlanmayıb.

Kreml isə bu cür xəbərləri dəfələrlə təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Putinin xərçəng və ya digər ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan məlumatları "uydurma" adlandırıb və prezidentin səhhətinin normal olduğunu bildirib.

Buna baxmayaraq, Putinin şəxsi həkimləri və onu müşayiət edən tibbi heyət barədə məlumatlar Rusiyada ciddi şəkildə qorunan sirlərdən hesab olunur. Məhz buna görə də prezidentin yanında görünən həkimlər illərdir beynəlxalq medianın diqqət mərkəzindədir.

Oğuz