Türkiyədə daha bir məşhur jurnalist SAXLANILDI – Prezidentliyə namizəd olub
Türkiyədə məşhur jurnalist Levent Gültekin saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Çağrı Çetin məlumat yayıb.
“Müvəkkilim Levent Gültekin bu gecə 01:20-də Bebekdəki bir kafedən polis tərəfindən aparılıb”.
Məlumata görə, o, “Yutub” kanalında yaydığı videoya əsasən “xalqı yanıldan yalan məlumat yayma” ittihamı ilə saxlanılıb.
Jurnalist ifadəsində heç bir ad çəkmədiyini bildirib:
"Videonu dekabrın 17-də axşam evimdə çəkmişəm. Videonun bütün məzmununu xatırlayıram, amma işin protokolunda heç bir cinayət tərkibi görmürəm. Hansı yanlış məlumatı yaydığımla bağlı konkret dəlil yoxdur. Video tamamilə siyasi şərhdir, cari hadisələrə dair şərh. Kiminsə adını çəkərək təhqir etdiyim bir cümlə belə yoxdur. Buna görə özümü müdafiə etməyə bir səbəb də görmürəm”.
Qeyd edək ki, L. Gültekin 1972-ci ildə anadan olub. Anası türk, atası kürddür. “Yeni Şafak”, “Star Media Qrupu”, “Cine5” media qurumlarında çalışıb. Daha sonra “Halk TV” də şərhçilik edib. “Diken” xəbər saytına köşə yazıları yazıb. 2018-ci ilin 18 aprelində prezidentliyə namizəd olduğunu açıqlayıb. 11 gün sonra namizədliyini geri çəkib.
Banu