VÖEN-i olan hər kəsin bilməli olduğu 5 QAYDA
Azərbaycanda minlərlə şəxs fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) alır.
SAVASHMEDİA.az xatırladır ki, VÖEN əldə etmək təkcə rəsmi fəaliyyətə başlamaq deyil, həm də müəyyən öhdəliklər daşımaq deməkdir.
Mütəxəssislər bildirirlər ki, bir çox sahibkar cərimələrlə məhz bu qaydaları bilmədiyi üçün üzləşir. Bəs qaydalar hansılardır?
1. Bəyannamələri vaxtında təqdim etmək lazımdır
VÖEN-i olan şəxslər fəaliyyət göstərməsələr belə, bəzi hallarda qanunvericiliyin tələb etdiyi hesabatları və ya "fəaliyyət olmayıb" barədə bəyannamələri vaxtında təqdim etməlidirlər. Hesabatların gecikdirilməsi maliyyə sanksiyalarına səbəb ola bilər.
2. Vergi borcunuzu mütəmadi yoxlayın
Vergi borcu yarandıqda sahibkara faiz və maliyyə sanksiyaları tətbiq oluna bilər. Buna görə də VÖEN sahiblərinin vaxtaşırı şəxsi elektron kabinetlərinə daxil olaraq öhdəliklərini yoxlamaları tövsiyə olunur.
3. Fəaliyyət dayandırılıbsa, bunu rəsmi şəkildə bildirin
Bir çoxları düşünür ki, işləmədiyi müddətdə VÖEN-lə bağlı heç bir öhdəliyi qalmır. Halbuki fəaliyyət dayandırılıbsa və ya sahibkarlıq fəaliyyəti başa çatıbsa, bunun qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi vacibdir. Əks halda hesabat öhdəlikləri davam edə bilər.
4. Gəlirləri düzgün uçota almaq vacibdir
Nağd və ya köçürmə yolu ilə əldə olunan gəlirlərin uçotu düzgün aparılmalıdır. Sənədlərin saxlanılması və gəlirlərin rəsmiləşdirilməsi sonradan yarana biləcək vergi yoxlamaları zamanı sahibkarın işini asanlaşdırır.
5. Elektron kabinetdən istifadə etməyi öyrənin
Vergi orqanları ilə yazışmaların, bildirişlərin, hesabatların təqdim edilməsinin və bir çox xidmətlərin əsas hissəsi artıq elektron qaydada həyata keçirilir. Buna görə də VÖEN sahibi olan hər bir şəxsin elektron kabinetdən istifadə qaydalarını bilməsi böyük əhəmiyyət daşıyır.
Səlcuq