Ermənistan Rusiyanı Fransa və Hindistanla əvəz edir

Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan rus silahlarını almaqdan imtina edərək, Hindistan və Fransadan silah almağa başlayıb. 

May 14, 2025 - 14:51
Ermənistan Rusiyanı Fransa və Hindistanla əvəz edir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Vedomosti” yazır.

Rusiya Beynəlxalq Məsələlər Şurasının (RİAC) “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatında deyilir ki, İrəvan 2022-2023-cü illərdə Nyu-Dehli ilə 1,5 milyard dollardan çox, 2023-2024-cü illərdə isə Parislə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. Ermənistanın Rusiya ilə 400 milyon dollarlıq sonuncu müdafiə müqaviləsi 2021-ci ildə imzalanıb və hələ də tam icra olunmayıb. 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SPIRI) məlumatına görə, 2011-2020-ci illərdə Ermənistanın silah idxalında Rusiyanın payı 94%-ə çatıb. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, 2024-cü ilə qədər bu pay 10%-ə düşüb. 

Ekspertlər hesab edirlər ki, Hindistan və Fransadan silah tədarük etməklə İrəvan Rusiyadan siyasi asılılığını azaldır və bu, uzunmüddətli strategiyadır. Lakin bu, Moskva ilə hərbi sahədə münasibətlərin tamamilə kəsilməsini nəzərdə tutmur.

Ekspert Stanislav Priçtin qeyd edib ki, Fransa və Hindistan silahları Ermənistan ordusundakı Rusiya və Sovet hərbi texnika parkını tam əvəz edə bilməyəcək. Ona görə də təchizatın diversifikasiyası tendensiyası daha çox siyasi əhəmiyyət kəsb edir. 

“Ermənistan hərbçiləri hələ də KTMT standartlarına riayət edir və Gümrüdə Rusiya hərbi bazasının olması Moskva ilə İrəvan arasında əməkdaşlıq üçün bir bağ olaraq qalır. Ona görə də Ermənistanın silah bazarında Rusiyanın payı gec-tez bərpa olunacaq”, - ekspert yekunlaşdırıb.

Xatirə SADIQ