Məhkəmə Trampın sərəncamına qadağa qoydu
Merilend ştatının federal hakimi Debora Bordman ölkə prezidentinin avtomatik doğum hüququ ilə vətəndaşlığa son qoymağı nəzərdə tutan sərəncamına milli qadağa hökmü çıxarıb.
SAVASHMEDİA.az bu barədə “CNN” telekanalına istinadən xəbəbr verir.
Fevralın 5-də keçirilən dinləmə zamanı hakim qeyd edib ki, Trampın sərəncamı ölkə ərazisində doğulan bütün şəxslərə vətəndaşlıq zəmanəti verən ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişi, Ali Məhkəmənin 125 illik hüquqi presedenti və doğum üzrə vətəndaşlıq almağın 250 illik tarixi ilə ziddiyyət təşkil edir.
“Vətəndaşlıq Konstitusiyaya edilən 14-cü düzəlişlə birbaşa təqdim olunan ən dəyərli hüquqdur. Ölkədə heç bir məhkəmə heç vaxt prezidentin interpretasiyasını bəyənməyib. Bu məhkəmə birinci olmayacaq”, - deyə Debora Bordman vurğulayıb.
Məlum olub ki, iddia beş hamilə qadın və immiqrant hüquqları üzrə iki hüquq-müdafiə təşkilatları tərəfindən irəli sürülüb. Onlar bu addımı doğulmamış uşaqlarının valideynlərinin immiqrasiya statusuna görə qeyri-qanuni olaraq vətəndaşlıqdan məhrum edilə bilməsi ilə izah ediblər.
Xatırladaq ki, bundan öncə Sietldə federal hakim Trampın sərəncamını müvəqqəti olaraq əngəlləmişdi, lakin onun qərarının müddəti məhdud idi. Hakim Bordmanın qərarı president əmrinin icrasına federal qadağa qoyub. Bu qadağa məsələnin tam hüquqi baxışının bitməsinə qədər qüvvədə olacaq.
Tramp administrasiyası iddia edir ki, vətəndaşlığı olmayan şəxslərin uşaqları ABŞ yurisdiksiyasına düşmür və buna görə də vətəndaşlıq almaq hüququ yoxdur. Lakin 1868-ci ildə ratifikasiya edilmiş 14-cü düzəliş keçmiş qullara və onların nəsillərinə vətəndaşlıq vermək məqsədi daşıyırdı. Bu düşəliş o vaxtdan bəri ABŞ torpağında doğulan hər kəsə vətəndaşlıq zəmanəti verir.
Xatirə SADİQ