Dünya şöhrətli aktrisa vəfat etdi - FOTOLAR

İtaliyanın və Fransanın məşhur kinoaktrisası Klaudiya Kardinale ömrünün 88-ci ilində dünyasını dəyişib. 

Sep 24, 2025 - 13:47
Sep 24, 2025 - 13:51
Dünya şöhrətli aktrisa vəfat etdi - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, onun ölümü barədə Corriere della Sera saytı məlumat yayıb.

Məlumata görə, aktrisa Fransanın Nemur şəhərində uşaqlarının əhatəsində gözlərini həyata yumub. 

“Klaudiya Kardinale azadlığı, dünyagörüşünü və istedadı təcəssüm edirdi. Bu, Romadan tutmuş Hollivuda, öz vətəni olaraq seçdiyi Parisə qədər ən böyük kinorejissorların yaradıcılığına çox şey qatmışdı. Biz fransızlar bu italyan və dünya ulduzunu qəlbimizdə, kinonun əbədiyyətində daim yaşadacağıq”, - deyə ransa prezidenti Emmanuel Makron bu kədərli hadisəyə X sosial şəbəkəsində münasibət bildirib.

Kardinale 15 aprel 1938-ci ildə Tunisdə siciliyalı mühacirlərin ailəsində dünyaya gəlmişdi. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilmiş və Venesiya kinofestivalına dəvət alıb. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib.

Aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirmişdir.

K.Kardinale çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib. O, 150-dən çox filmdə çəkilib. İtalyan kinosunun seks simvolu hesab olunan Kardinale dövrünün dəb ikonası adlandırılırdı. O, İtaliya və Fransanın dövlət, kinematoqrafiyanın çoxsaylı mükafatlarına layiq görülmüşdü. 

Xatırladaq ki, Klaudiya Kardinale 2014-cü ilin fevral ayında Bakıya dəvət olunmuşdu. Fevralın 14-də italyan aktrisası ilə “Üns” Yaradıcılıq Səhnəsində görüş keçirilmişdi. Maraqlı görüş zamanı kinorejissor Ayaz Salayevin moderatorluğu ilə Klaudia Kardinale ilə müsahibə formasında aparılmışdı.

Həmin görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişdilər.

Xatirə SADİQ