"Sabah"ın Çempionlar Liqasından nə qədər qazanacağı bilindi - FANTASTİK MƏBLƏĞ

Azərbaycan çempionu “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq. 

Aug 26, 2026 - 13:03
"Sabah"ın Çempionlar Liqasından nə qədər qazanacağı bilindi - FANTASTİK MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, bu uğur klub üçün təkcə idman baxımından deyil, maliyyə cəhətdən də böyük əhəmiyyət daşıyır.

UEFA-nın 2026/27 mövsümü üçün açıqladığı maliyyə bölgüsünə əsasən, Çempionlar Liqasının liqa mərhələsinə yüksələn hər klub 18,62 milyon avro başlanğıc ödəniş əldə edir.

Bu isə “Sabah” üçün indidən ən azı 18,62 milyon avro, yəni təxminən 36-37 milyon manatlıq gəlir deməkdir. Yekun məbləğ isə bundan xeyli yüksək ola bilər.

Hər qələbə klubun hesabına 2,1 milyon avro gətirəcək

UEFA-nın qaydalarına əsasən, liqa mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro ödənilir.

Məsələn, “Sabah” 8 oyunun hamısında qalib gəlsə, yalnız nəticələrə görə 16,8 milyon avro əlavə gəlir əldə edə bilər.

“Sabah”ın reytinqi də yüksələ bilər

“Sabah”ın hazırkı UEFA klub əmsalı 6,000 təşkil edir. Klubun Çempionlar Liqasının liqa mərhələsində qazandığı hər nəticə onun Avropa reytinqində mövqeyinə təsir göstərəcək. Bu isə gələcək mövsümlərdə püşkatmalar zamanı daha yaxşı mövqedə olmaq baxımından vacibdir.

Digər tərəfdən, “Sabah”ın uğuru Azərbaycanın UEFA ölkə reytinqinə də xal qazandıracaq. Bu xallar uzunmüddətli perspektivdə Azərbaycan klublarının Avropa turnirlərində hansı mərhələdən mübarizəyə başlayacağına təsir göstərə bilər.

Beləliklə, “Sabah”ın Çempionlar Liqasına çıxması klub üçün həm milyonlarla avro gəlir, həm də UEFA reytinqində ciddi irəliləyiş imkanı yaradır.

Səlcuq