Ukraynaya qarşı döyüşən rusiyalılara Şengen zonası qapandı
Ukraynaya qarşı təcavüzdə iştirak etmiş Rusiya vətəndaşlarının Şengen zonasına girişini qadağan edən birgə qərar təsdiqlənib.
SAVASHMEDİA.az ERR portalına istinadən xəbər verir ki, bu hadisə cümə axşamı Baltikyanı, Şimali Avropa ölkələrinin və Polşanın daxili işlər nazirlərinin Tallinndə keçirilən iclasında baş verib.
Görüşdə daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner və Avropa İttifaqının (Aİ) Frontex sərhəd mühafizə xidmətinin nümayəndəsi də iştirak ediblər.
“Yüz minlərlə Rusiya vətəndaşı müstəqil Avropa dövlətinə qarşı döyüşüb. Biz aydın mövqe tutmalıyıq ki, bu insanlar Şengen zonasında sərbəst səyahət edə bilməyəcəklər. Biz onlara yaşamaq icazəsi, viza verməyəcəyik. Çünki orada öldürən və məhv edən bütün bu adamlar bizim hamımızın təhlükəsizliyimiz üçün çox böyük riskdir”, - deyə Estoniyanın daxili işlər naziri İqor Taro bildirib.
Güman olunur ki, Rusiyanın bu qrup vətəndaşı üçün Şengen zonasına giriş qadağası hətta aktiv döyüş əməliyyatları başa çatdıqdan sonra da qüvvədə qalacaq.
Xatirə SADİQ