Yanukoviç 15 il müddətinə azadlıqdan məhrum edildi
Kiyevin Podolsk Rayon Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, keşmiş prezidenti sərhədi qanunsuz keçmənin təşkilində və fərariliyə sövq etməkdə təqsirli bilinib.
Məhkəmə onunla yanaşı, Ukrayna prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Konstantin Kobzar barədə də qiyabi hökm çıxarıb.
Qeyd edək ki, vətənindən qaçdıqdan sonra Yanukoviç artıq Rusiyada yaşayarkən bir neçə dəfə çıxış edərək özünü legitim prezident adlandırdı. O, rus qoşunlarının Ukraynaya daxil edilməsini xahiş edən sənədə də imza atdı. Lakin sonradan Moskva Ukraynanın seçilmiş prezidenti Petro Poroşenkonu legitim dövlət başçısı kimi tanıdı və Yanukoviç ictimaiyyət qarşısına çıxmağı və mətbuatla ünsiyyətini praktiki olaraq dayandırdı. Buna baxmayaraq, Rusiya hakimiyyəti Yanukoviçin 2014-cü ildə hakimiyyətdən uzaqlaşdırılmasını “çevriliş” adlandırmaqda davam edir.
Podolsk Rayon Məhkəməsində ittihamçı bildirib ki, Yanukoviç Moskva vilayətinin Barvixa kəndində yaşayır.
Bu, artıq Ukraynada keşmiş prezidentə qarşı qiyabi çıxarılan ikinci hökmdür. 2019-cu ildə məhkəmə onu vətənə xəyanətdə və Ukraynaya qarşı təcavüzkar müharibənin aparılmasına köməklikdə ittiham edərək 13 il müddətinə azadlıqdan məhrum edib.
Xatirə SADİQ