Zaxarova Azərbaycana şərt qoydu - "Əvvəlcə onları azad edin"
"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağına bel bağlayır və Azərbaycanın həbsdə olan Rusiya vətəndaşlarını azad etməsi bu prosesi asanlaşdıracaq”.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Biz tezliklə normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Azərbaycan hakimiyyəti tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azadlığa buraxılması olardı”, - deyə XİN sözçüsü vurğulayıb.
O xatırladıb ki, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Rusiya vətəndaşlarının, o cümlədən jurnalistlərin və turistlərin dərhal azad edilməsi tələbi ilə nota təqdim edilib:
“Bizdə olan məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanlarının belə hərəkətləri üçün heç bir əsas yoxdur. Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi, o cümlədən hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayacağıq”, - deyə o, yekunlaşdırıb.
Xatirə SADİQ