Brejnevin Ukraynada əsir götürülən nəticəsi -"Ruslara pula görə qoşuldum"
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) "Yaşamaq istəyirəm" layihəsi Sovet İttifaqının keçmiş rəhbəri Leonid Brejnevin nəticəsi 45 yaşlı Anton Milayevlə 39 dəqiqəlik videomüsahibə yayımlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Anton Milayev Ukrayna dəniz piyadaları tərəfindən əsir götürülüb.
Anton Milayev müsahibəsində bildirib ki, uzun müddət Brejnevin nəticəsi olduğunu gizlətməyə çalışıb və özünü sadə insan kimi tanıtmaq istəyib. O, 1990-cı illərdən etibarən 19 il ABŞ-də yaşadığını, müxtəlif işlərdə çalışdığını, daha sonra isə Rusiyaya qayıtdığını deyib.
Milayevin sözlərinə görə, təxminən 1 milyon rubl borcu olduğu üçün 2025-ci ildə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq müharibəyə yollanıb. Ona arxa cəbhədə sürücü kimi xidmət edəcəyi vəd edilsə də, qısa hazırlıqdan sonra cəbhə bölgəsinə göndərilib. Təxminən iki ay cəbhədə qaldıqdan sonra Xerson istiqamətində əsir düşüb.
Fotoda Brejnevin nəticəsi Anton Milayev
Müsahibədə Milayev Rusiyada yayılan təbliğatın təsiri altında Ukraynaya gəldiyini də etiraf edib. Onun sözlərinə görə, "nasistləri görmək" üçün gəldiyini düşünsə də, cəbhəyə çatdıqdan sonra bunun doğru olmadığını anlayıb.
Anton Milayev hazırda Ukrayna əsirliyində saxlanılır. O, müsahibəsində müharibə bitənə qədər əsirlikdə qalmaq istədiyini, Rusiyaya qaytarılacağı təqdirdə yenidən cəbhəyə göndərilməkdən ehtiyat etdiyini söyləyib.
Oğuz