Kamilo Duran rekord qiymətə "Seltik"ə gedir - "Qarabağ"dan tarixi satış  

Şotlandiyanın nəhəng klublarından olan "Seltik" "Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duranın transferi ilə bağlı prinsipial razılığa gəlib.

Jul 7, 2026 - 18:27
Kamilo Duran rekord qiymətə "Seltik"ə gedir - "Qarabağ"dan tarixi satış  

SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Məlumata görə, Qlazqo təmsilçisi 21 yaşlı forvardın keçidi üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (təxminən 12 milyon 500 min manat) ödəyəcək.

Transfer bu məbləğlə reallaşarsa, bu, Azərbaycan futbolu tarixində bir klubun futbolçu satışından əldə etdiyi ən yüksək gəlir olacaq. Bununla da Kamilo Duran ölkə futbolunun ən bahalı ixrac olunan oyunçusu kimi tarixə düşəcək.

Qeyd edək ki, kolumbiyalı hücumçu qısa müddətdə "Qarabağ"ın əsas heyət üzvlərindən birinə çevrilmiş, həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda göstərdiyi məhsuldar oyunla Avropanın bir sıra klublarının diqqətini cəlb etmişdi. "Seltik"in onu uzun müddətdir izlədiyi və yay transfer pəncərəsində əsas hədəflərdən biri kimi müəyyənləşdirdiyi bildirilir.

Transferin rəsmi təsdiqindən sonra Kamilo Duranın yeni komandası ilə tibbi müayinədən keçərək uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Oğuz